"Amazon" onlayn pərakəndə satış saytının yaradıcısı Ceff Bezos və "Facebook" şirkətinin təsisçisi Mark Zukerberq ilk dəfə olaraq ən zəngin amerikalıların siyahısında ilk onluğa daxil olublar. Bezos 47 milyard dollarlıq sərvəti ilə siyahıda 4-cü, Zukerberq isə 40,3 milyard dollarla 7-ci sırada yer tutub.

İlk sırada artıq 22-ci dəfə ardıcıl olaraq "Microsoft"un sahibi Bill Qeyts qərarlaşıb. Qeytsin sərvəti ötən ilə nisbətən 5 milyard dollar azalaraq 81 milyard dollardan 76 milyarda enib. Onun varidatının 13%-ni "Microsoft"da sahib olduğu pay təşkil edir.

Siyahıda investor Uorren Baffet ikinci (62 milyard), "Oracle" şirkətinin rəhbəri Larri Ellison üçüncü (47,5 milyard) yerdədir. "Koch İndustries" şirkətinin sahibləri Çarlz və Devid Kox qardaşları 41 milyard dollarla 5-ci, 6-cı yerləri bölüşdürürlər. "Bloomberg" agentliyinin rəhbəri Maykl Blumberq (38,6 milyard), "Wal-Mart"ın qurucusunun oğlu Cim Uoltin (33,7 milyard) və "Google"un yaradıcısı Larri Peyc (33,3) də ilk onluğa daxildir.

400 zəngin amerikalının siyahısında ən gənc iş adamı "Snapchat" mobil messencerinin sahibi Evan Şpigeldir. 25 yaşlı E. Şpigel 2,1 milyard dollarlıq sərvəti ilə 327-ci sıradadır.

Siyahıda ən yaşlı amerikalı Rokfeller sülaləsinin nümayəndəsi, 100 yaşlı David Rokfellerdir. O, 3 milyard dollar dəyərində varidatı ilə 211-ci yerdə qərarlaşıb. ABŞ prezidentliyinə namizəd, media maqnatı Donald Tramp 4,5 milyard dollarla 121-ci yerdədir.

400 zəngin amerikalıdan 46-sı qadındır. Siyahıdakı bütün şəxslərin sərvətinin ümumi məbləği 2 trilyon 340 milyard dollar təşkil edir.