Filmin ssenarisinə görə, 3 nəfərə Bakıda eyni mənzil satılıb. Qəhramanlar pullarını qaytarmaq üçün bunu etmiş sahibkarın oğlunun toyunu qarət etmək qərarı verirlər. Baş rollarını Fərda Amin, Elcan Rəsulov və İslam Mehrəliyev oynayan "Oğlan evi" filminin rejissoru İlham Qasımovdur.

Ssenari üzərində İ.Qasımovla bərabər Tural Sevdimalı və DJ Fateh işləyiblər. Texniki heyətinin bir hissəsini xarici mütəxəssislər təşkil edən "Oğlan evi" kinokomediyasının quruluşçu operatoru Mixail Xarçenkodur. Filmin çəkilişləri bu ilin iyul-avqust aylarında Bakıda baş tutub. 30-dan çox fərqli məkanda çəkilmiş filmin montajı, rəng korreksiyası və səs redaktəsi payızda edilib. Filmdə, həmçinin, Abbas Qəhrəmanov, Xumar Səlimova, Qurban Məsimov, Yadigar Muradov, müğənni Xəyyam Nisanov və aparıcılar DJ Fateh və Mətanət Əliverdiyeva rol alıblar.

Qışın ilk həftəsində ekranlara çıxacaq filmin üzərində beynəlxalq komanda çalışdığından, ulduz aktyor heyəti cəlb olunduğundan və treylerindən də göründüyü kimi "Oğlan evi: Azərbaycansayağı qarət" ilin ən gözlənilən kinokomediyasıdır.