Məşhur kişi idmançıların şəxsi biznesləri

Tanınmış idmançıların idmanla yanaşı, həm də bizneslə məşğul olması çoxlarına məlumdur. Onların çoxu karyeralarını bitirdikdən sonra fəaliyyətlərini məhz bu yöndə davam etdirir, məşhurluqları hesabına öz bizneslərinə asanlıqla diqqət cəlb edə bilirlər.

Devid Bekhem, futbol (İngiltərə)
İngiltərənin futbol üzrə milli komandasının sabiq yarımmüdafiəçisi dünyanın ən çox qazanan idmançılarından biridir. "Forbes" jurnalına görə, Bekhemin illik qazancı 46 milyon dollardır. Reklam kampaniyalarında aktiv iştirakından başqa, Bekhem 2012-ci ildən "H&M" brendi üçün alt paltarları kolleksiyası buraxır, britaniyalı kulinar Qordon Remsi ilə birgə restoran açıb. Bekhemin həyat yoldaşı Viktoriya isə dizaynerliklə məşğuldur. Onların ailə biznesinə dörd şirkət daxildir. Onlardan ikisi - "Footwork Productions" və "Beckham Ventures" Devidin əsas işlərini aparır. 2011-ci ildə "Footwork"un gəliri 15,2 milyon funt-sterlinq (təxminən 23 milyon dollar) təşkil edib.

Elnur Məmmədli, cüdo (Azərbaycan)
Cüdo üzrə olimpiya çempionu, Daxili İşlər Nazirliyinin əməkdaşı, Cüdo Federasiyasında vitse-prezident Elnur Məmmədli bizneslə məşğul olmağa başlayıb. İdmançı müsahibələrinin birində Bakıda bir neçə supermarketin sahibi olduğunu deyib. "2013-cü ildə ayağımdan zədə aldığım üçün idmanla vidalaşdım. Mən Daxili İşlər Nazirliyinin əməkdaşıyam. Həmçinin Cüdo Federasiyasında vitse-prezident vəzifəsində çalışıram. Yeni bir işlə məşğul olmaq istədim. Ümumilikdə 500 işçim var" - deyə, sabiq idmançı bildirib.

Ueyn Qretski, hokkey (Kanada)
Kanada hokkeyinin əfsanəsi Ueyn Qretski karyerasını bitirdikdən sonra şərabçılıqla məşğul olmağa başlayıb. Onun "Wayne Gretzky Estate" adlanan şərablarının dadına Torontoda yerləşən restoranında baxmaq olar. Şərabın bir şüşəsinin qiyməti 14-99 dollar arasında dəyişir.

Qretski şərab və restoran biznesi ilə yanaşı, kinoda da çəkilir. O, bir neçə idman komandalarının şərikidir, "First Team Sports" idman avadanlıqları istehsalçısının və "Worldwide Roller Hockey" hokkey stadionunun səhmdarıdır. "Celebrity Net Worth" nəşrinin hesablamalarına görə, Qretskinin varidatı 200 milyon dollar təşkil edir.

Kriştiano Ronaldo, futbol (Portuqaliya)
"Real Madrid" klubunun portuqaliyalı ulduzu bu günlərdə Monte-Karloda 140 milyon avroya lyuks otel aldı. Bundan başqa, idmançı Portuqaliya, Madrid və Nyu-Yorkda "CR7" brendi altında otellər şəbəkəsinin açılışına hazırlaşır. Ronaldonun şəxsi "CR7" brendinə geyim və ayaqqabı kolleksiyaları da daxildir. Onun gəlirlərinin bir hissəsi reklam kampaniyalarındandır. "Forbes" jurnalına görə, portuqaliyalı hücumçunun illik qazancı 73 milyon dollar, varidatı isə 210 milyon avrodur.

Şərhini yaz