Bakıda idman mallarının qiymətləri

Qiymətlər o qədər bahalaşıb ki, qoz, fındıq alıb yemək daha sərfəlidir.

Bu sözləri həvəskar idmançı Əfqan Hüseynov proteinlərin qiymətinin artırılması ilə bağlı danışarkən deyib.  O bildirib ki, bir neçə ay əvvəlki qiymətlər ilə indiki qiymətlər arasında 40-50 manat fərq var.
Milli.Az mövzu ilə bağlı kiçik araşdırma aparıb. Bu məqsədlə idman qidalarının satıldığı bir neçə trenajor zalına yollanıblar. Zallarda qiymətlər heç də fərqli deyildi. Bu kimi qidaların satışı ilə məşğul olan məşqçilər bildirdilər ki, qiymətlərdə 30-35 faiz artım var. Bu barədə açıqlama verən məşqçi İlhm müəllim "baha qiymətə alırıq deyə baha da satmağa məcburuq" deyərək, artım olduğunu təsdiqləyib. O bildirib ki, malların xaricdən gətirilməsi ilə məşğul deyil, sadəcə, onların satışını həyata keçirir.

Daha sonra Bakının mərkəzində yerləşən, idman qidalarının satışı ilə məşğul olan mağazaya yollandıq.
Qeyd edək ki, burada xaricdən gətirilən idman qidalarının topdan və pərakəndə satışı həyata keçirilir. Qiymətlərlə maraqlandıqda fərqli rəqəmlər eşitdik. Bu barədə suallarımızı cavablandıran mağazanın satış meneceri Fuad açıqlamasında "Hal-hazırda müəyyən dərəcədə qiymət artımı var. Çünki idman qidaları ölkəmizdə hazırlanmır. Xaricdən gətirilir. Malın alınması üçün bütün ödənişlərin dollarla edilməsi birmənalı olaraq qiymət artımına təsir edir" deyib.
"Whey"( təbii süddən alınır) adlı proteinin qiyməti ilə bağlı sualımıza "87 manat və 125 manat" deyə cavab verən menecer bildirib ki, devalvasiyadan əvvəl alınan malların qiymətində heç bir dəyişiklik yoxdur. Fuad bəy qidaların qiymətindən danışarkən "Bizim dünyanın aparıcı şirkətləri ilə rəsmi müqavilələrimiz var. Malları topdan götürdüyümüz üçün digər pərakəndə satış müəsisələrinə nisbətdə qiymətlərdə artım 20-30 manat təşkil edir" söyləyib.
Aparılan araşdırma nəticəsində məlum olub ki, hazırda fiziki güc vasitələrinin qiymətlərində manatın məzənnəsində baş verən dəyişikliyə uyğun olaraq 35-40 faiz bahalaşma var.

Qeyd edək ki, idman qidaları dedikdə protein, kreatin, amin turşuları, tribulus, qeynerlər və energetiklər nəzərdə tutulur. Bu sadalanan qidalar fiziki güc əldə etmək, əzələ boşluqlarını doldurmaq, əzələ boşalması kimi halların qarşısını almaq, çəki əldə etmək, bədən forması qazanmaq və başqa məqsədlər üçün istifadə olunur. Əsasən, bodibildinq, paureliftinq və fitnes kimi fiziki inkişafa təsir göstərən idman növləri üçün uyğundur. Bu qidalar dərman preparatı deyil və dopinq sayılmır. İdman qidaları tam təbii (heyvan və ya bitki) mənşəli komponentlərdən hazırlanır.
Milli.Az idman qidalarının yeni qiymətlərini təqdim edir:
Pre-workout - 65 AZN
Mega Mass 2000 - 133 AZN
Mega Mass 4000 - 182 AZN
C4 extreme - 57 AZN
Amino Hardcore - 33 AZN
100% Whey Gold standart - 84 AZN
100% Premium Mass Gainer - 75 AZN
Fitness Gainer Mass Core - 94 AZN

Şərhini yaz