Ardaya təklif: 100 milyon avro

Qış transfer dönəmini olduqca aktiv keçirən Çin klubları Avropa bazarında at oynatmağa davam edirlər.
Cekson Martinez, Jervinyo, Ramirez, Ezekel Lavezzi kimi futbolçuların keçidini həll etdikdən sonra hədəflərini daha da böyüdən uzaq şərqlilər bu dəfə "Barselona"nın iki ulduzunu hədəfə alıblar.

Bu barədə İspaniyanın məşhur "Marca" qəzeti məlumat yayıb.

İspan həmkarlarımız iddia edir ki, bazarın ən aktiv klublarından biri "Pekin Qoan" katalonların iki futbolçusu - Arda Turan və Dani Alvesi transfer etməkdə israrlıdı. Bildirilir ki, çinlilər hər iki futbolçu üçün ayrılıqda 100 milyon avro ödəməyə hazırdılar.

Sadəcə bir aydı "Barselona" ilə oyunlara çıxan və bu müddətdə özünü yaxşı tərəfdən göstərməyi bacaran türk futbolçu belə fantastik təklifin gələcəyi göslənilməz olub. Onun şəxsi müqaviləsinin də Katalaniyada olduğundan daha əlverişli olacağı bildirilsə də, dəqiq rəqəmlər göstərilməyib.

Ancaq Ardadan fərqli olaraq Dani Alves üçün konkret məbləğ təklif edilib. Belə ki, hələ ötən yay "Barselona" ilə yeni müqavilə imzalamış braziliyalı müdafiəçi üçün bir ili 12 milyon avrodan 3 illik anlaşma təklif edilib.

Hələlik oyunçuların və "Barselona"nın hansı qərar verəcəyi məlum deyil.

Qeyd edək ki, Avropadan fərqli olaraq, Çində transfer pəncərəsi fevralın 26-da bağlanacaq.

Şərhini yaz