Musiqiçinin albomu 1 ABŞ dollarına satışa çıxarılıb. Bu, Azərbaycanda ən ucuz albom olacaq. Lakin kickstarter.com saytında albom yetərli sayda dinləyici tərəfindən sifariş edilməsə, layihə həyata keçməyəcək. Dinləyicilərin albomun istehsalına lazım olan məbləği toplamaq üçün 50 gün vaxtı var.

Qaraqan buro247.az saytına açıqlamasında "Qışlaq" albomunun yaranma prosesi haqqında bunları deyib: "Biz ABŞ və Kanada meşələrində yerləşən həqiqi qışlağı kirayələdik, orada öz studiyamızı qurduq və bir neçə həftə ərzində burada albom yaratmağa başladıq. Beləliklə, internetdən və şəhər səs-küyündən uzaqda həqiqi musiqi yarandı. Albom üzərində dörd amerikalı bəstəkar işləyir".

"Siqaretə, içkiyə, tanımadağımız qohumların toyuna, bir sözlə, hər şeyə və hər kəsə pul veririk. İş incəsənətə, mədəniyyətə, kitaba, filmə, muzeyə gələndə isə kasıblayırıq. Bəlkə kasıb olan bizim cibimiz deyil ruhumuzdur?" - deyə, musiqiçi əlavə edib.

"Qışlaq" albomunun üz qabığı üzərində dizayner Röyal Paşayev çalışıb.

Qeyd edək ki, Qaraqan həm də yazıçı kimi fəaliyyət göstərir. Onun "Üçüncü Addım - Rəqəmsal meşə" adlı sonuncu kitabı bu yaxınlarda işıq üzü görüb.