Leonardo DiCaprio Foundation 1998-ci ildə təsis edilib. Həmin ildən etibarən bu xeyriyyə təşkilatı beynəlxalq ekoloji problemlərin həlli üçün 59 milyon dollardan çox pul ayırıb. Məbləğlərin bir hissəsi Di Kaprionun şəxsi hesabından, digər hissəsi isə fondun həyata keçirdiyi hərraclardan toplanmaqdadır.

İyulun 19-da Sen-Trope şəhərciyində baş tutan qala şam yeməyi çərçivəsində də xeyriyyə hərracı baş tutub. Hərrac çərçivəsində U2 qrupunun solisti Bononun gitarası, Andrea Boçellinin konsertinə bilet, Kevin Speysinin bağlı çıxışına dəvətnamə, rəssamlar Demien Herst və Ceff Kunsun rəsm əsərləri, Di Kaprioya məxsus Rolex saatı, aktyorun "Oskar" mərasimində qolunda olan brilyant taxma düymələr,eləcə də Leonardonun Pal-Sprinqsdəki malikanəsində yaşayış satılıb. Ümumilikdə fond 45 milyon dollar ianə toplayıb. Toplanan vəsait Nitsada terror aktı nəticəsində ailə üzvlərini itirmiş şəxslərə yardım edən GiveForFrance.org fondunun hesabına yönəldilib.

Tədbirə qatılanlar arasında Keyt Blanşett, Marion Kotiyyar, Skarlett Yohansson, Keyt Hadson, Şarliz Teron və digər dünya ulduzları olublar.