“Energetik içkilər aslılıq yaradır və sağlamlıq üçün risklidir”

Bir çox Avropa ölkələrində olduğu kimi, Azərbaycanda da energetik içkilərin gətirilməsinə və satışına qadağa qoyulması təklif edilsə də, buna müvəffəq olunmayıb. Tərkibində süni kofein olan belə içkilərin Azərbaycanda satışı yalnız məktəb bufetlərində qadağan olunub. İlk dəfə 1987-ci ildə Avstriyada və 1997-ci ildə Amerikada satılmağa başlanan enerji içkiləri xüsusilə gənclər arasında çox yayılıb. Bəzi Avropa ölkələrində, məsələn, Norveçdə, Danimarkada, Fransada bu içkilərin sərbəst satışı qadağandır.

Diyetoloq Leyla Zülfüqarlının fikrincə, energetik içkilərin sağlam qidalanma predmetləri arasına salmaq düzgün deyil: "Energetik içkilərin heç bir xeyiri yoxdur. Biz qidaları tək kalori üzərindən hesablamırıq. Bu içkilər isə ümumiyyətlə adından da göründüyü kimi, kalorisi çox olan içkilərdir. Biz eyni zamanda bu içkilərin tərkibinə baxmalıyıq. Əgər bir qidanın tərkibində CO4 mövcuddursa bu artıq ziyandır. Biz hətta yerdən təbii halda qazlı şəkildə çıxan içkilərin qazlarını çıxardıb içmələrini tövsiyə edirik. Eyni zamanda bu cür içkilərin tərkibində bir çox əlavə qatqılar var. Bu qatqılar insanın dilinin üzərindəki dad reseptorlarını ciddi şəkildə aktivləşdirə bilir. Sonralar bu reseptor mərkəzini idarə etmək çətinləşir. İnsan artıq dolayısı ilə o cür içkilərdən asılı duruma düşür. Çünki, biz dilimizin üzərində olan həmin məxsusi reseptor mərkəzini aktivləşdirmişik, sonra isə bu mərkəz yaddaşında qalan həmin dadı yenidən istəyir. Biz bu cür içkilərlə bağlı ayda 1 dəfə qəbul edildiyi vaxt asılılıq yaratmadığını deyirik. Amma insan heç vaxt bu cür içkiləri ayda 1 dəfə qəbul etməyə özünü inandıra bilməyəcək. Bu baxımdan biz həmişə təbii içkilərə üstünlük verilməsini tövsiyə edirik. Sudan daha üstün unikal tərkibə malik olan bir içki yoxdur. Təbii meyvə sularını içmək tövsiyə olunur. Bu baxımdan energetik suları sağlam qidalar sırasında görmürəm".

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.