Açılış mərasimi avqustun 5-də yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə saat 03:00-da) başlayacaq. Mərasimi dünyada təxminən bir milyard televiziya tamaşaçısı izləyəcək.

Yay Olimpiya Oyunlarında rekord sayda - 206 ölkədən 10 min 500 idmançı 306 dəst medal uğrunda mübarizə aparacaq.

Olimpiadada ölkəmizi idmanın 18 növü üzrə 56 atlet (57 lisenziya) təmsil edir. İdmançılardan 36-sı Olimpiya Oyunlarına ilk dəfə qatılıb. Rio-de-Janeyroda Azərbaycan güləş, gimnastika və boks olmaqla, üç hakimlə də təmsil olunacaq. Paralimpiyaçılarımız "Rio-2016"ya idmanın 6 növü üzrə 41 lisenziya qazanıblar.

Avqustun 5-də oxdan atma üzrə yarışlar keçiriləcək, ancaq bu növdə ilk medallar növbəti gün oynanılacaq. Eləcə də avqustun 6-da veloşosse, qılıncoynatma, cüdo, atış, üzgüçülük və ağır atletika kimi idman növləri öz medalçılarına qovuşacaqlar.

112 ildən sonra qolf yenidən olimpiya proqramında təqdim olunacaq. Sonuncu dəfə qolf 1904-cü ildə Amerikada Sent-Luisdə keçirilən Yay Olimpiya oyunları zamanı olimpiya proqramına daxil edilmişdi.

Daha bir oyun - reqbi-7 olimpiya proqramına qayıdır. O, 1942-cü ildə Parisdə keçirilən Olimpiya oyunları zamanı təqdim edilmişdi.

Riodakı Olimpiadanln devizi "Viva sua paixão " "Öz ehtirasınla yaşa" deməkdir.

Ümumilikdə 32 olimpiya obyekti  fəaliyyət göstərəcək. Onların 16-sı yeni tikililərdir, qalanlar isə Olimpiya komitəsinin tələblərini nəzərə almaqla təmir edilən və müasirləşdirilən stadionlardır.

Oyunlarda 70 minə yaxın könüllü çalışacaq. Onlardan 50 minə yaxını artıq seçilib, onların arasında ABŞ, Böyük Britaniya, Rusiya və Çindən olan könüllülər var.

Təşkilatçılar idmançılara gündəlik olaraq 60 minə yaxın yemək hazırlayacaq. Stadart dəstə düyü, lobya, qızardılmış ət, tapioka, pao-de-keyjo (pendirli bulka) və Asai giləmeyvələri daxil olur.

Sutka ərzində Rio küçələrində 85 mindən çox təhlükəsizlik xidməti əməkdaşı çalışacaq, bu isə Londondakı Olimpiada zamanı təhlükəsizlik xidməti əməkdaşlarının sayında iki dəfə çoxdur. Buna 895 milyon dollar xərclənib.

İdman obyektlərinin əksəriyyəti Rio-de-Janeyronun 4 zonasında yerləşir. Bunlar Marakana, Kopakabana, Barra və Deodorodur. Olimpiadanın futbol yarışlarının ilkin mərhələsi isə digər 4 şəhərdə - Belu-Orizonti, Braziliya, Salvador və San-Pauluda təşkil olunacaq.

Olimpiyadanın rəsmi talismanında Braziliyanın zəngin flora və faunası ümumiləşdirilmiş obrazlarda birləşdiriliblər. Olimpiya Oyunlarının talismanı gülərüzlü sarı "vəhşi" seçilib. Paralimpiya Oyunlarının rəmzi isə "vəhşi"nin göy və yaşıl rənglərə boyanmış versiyasıdır. Braziliyada təşkil olunmuş üçhəftəlik səsvermə nəticəsində talismanlara Vinisius və Tom adları verilib.

Olimpiya oyunları üçün 7,5 milyon bilet satışa çıxarılıb. Onların qiyməti 40 Braziliya realından ($11.5) 4 600 realadək ($1,325) dəyişir.

XXXI Yay Olimpiya Oyunları avqustun 21-dək davam edəcək.