"Honda" ən sürətli kupeni göstərdi

"Honda" şirkəti Los-Anceles avtosalonunda yeni nəsil kupe "Civic"-in "gücləndirilmiş" modifikasiyasının prototipini təqdim edib. Yaponlar qeyd ediblər ki, yeniliyin seriyalı versiyası ""Civic"-in tarixində ən cəld və ən güclü Si-versiyası olacaq".

Konsept-kar aerodinamik ban asması, arxa palçıq qoruyucuları, 19-düymlük yüngül tökmə disklər, 235/35 ölçülü şinlər, o cümlədən qaz buraxma sisteminin ikili borusunu alıb.

"Honda Civic Si" 1,5-litrlik "dördlük", 6-pilləli mexaniki sürət qutusu əldə edib. Aqreqatın gücü barədə hələlik dəqiq məlumat verilmir. Bəzi qeyri-rəsmi məlumatlara əsasən, kupenin seriyalı versiyasının mühərriki 220-230 a.g.-ə malik olacaq.

Bu mühərrik əvvəlki 205 a.g.-ə malik 2,4-litrlik atmosferli aqreqatı əvəz edəcək. "Honda"dan bildiriblər ki, modeli uyğunlaşdırılabilən asılqan, yüksək müqavimətli differensial, idman şinləri ilə təchiz edəcəklər. "Bu, bizim müştərilərə əvvəllər təqdim etdiklərimizdən ən sürətli və yaxşı idarəolunan "Civic Si" olacaq", - deyə Yaponiya markasının birinci vitse-prezidentin Ceff Konrad bildirib.

Yeni nəsil "Honda Civic Si" 2017-ci ildə seriya ilə buraxılacaq.

Şərhini yaz