Berlin moda həftəsində “Qarabağ kolleksiyası” nümayiş olundu

Berlində keçirilən “Mercedes Benz” moda həftəsi çərçivəsində dizayner Leoni Mergenin “Qarabağ kolleksiyası” təqdim olunub.

Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə keçirilən tədbirdə Qarabağ mövzusu və irsi diqqət mərkəzində olub. Leoni kolleksiyasını Azərbaycanın zəngin mədəni irsindən ruhlanaraq ərsəyə gətirib. Bu kolleksiya Azərbaycanın Qarabağ regionunun ənənəvi geyimlərindən ilhamlanan silsilə parçalardan ibarətdir. Ansambllarda ölkənin məşhur parçalarını xatırladan bəzəklər həm kişi, həm qadın geyimi görünüşünü yaradan yaxalıqlar və qollu çuxalarda təqdim olunub. Tarixi İpək Yolunda birləşdirici mərkəz və atçılıq sahəsində lider olmuş Azərbaycanın irsi Leoninin kolleksiyasında mühüm rol oynayır. Atçılığın təsiri ilə yaradılmış dəri aksessuarları və mürəkkəb ipək elementləri onun dizayn variasiyalarında aydın görünür.

Moda sənayesində çalışan 500-dən artıq peşəkar modelyer, moda üzrə ixtisaslaşan jurnalistlər və xarici qonaqların iştirakı ilə yüksək atmosfer yaradan bu şou Berlində tarixi "Kaufhaus Jandorf" sərgi məkanında baş tutub. Azərbaycan muğamı və instrumental musiqisi sədaları altında podiuma çıxarılan kolleksiya 26 müxtəlif geyim nümunələrdən ibarət olub.