Stiv Cobsa məxsus olmuş BMW Z8 rodsteri satışa çıxarılıb

RM Sotheby’s hərrac evi satışa Apple şirkətinin başçısı Stiv Cobsa məxsus olmuş BMW Z8 rodsterini çıxarıb. 24462 kilometr yürüşü olan avtomobili 300-400 min dollara satmaq planlaşdırılır.

Stiv Cobs avtomobili Oracle şirkətinin keçmiş baş direktoru Larri Ellisonun məsləhəti ilə alıb. O, bu avtomobilin Apple şirkətinin məhsulu kimi müasir mühəndislik və erqonomikanın rəmzi olduğunu düşünürmüş. Satışa çıxarılan avtomobil 1 aprel 2000-ci ildə buraxılıb və Cobsa 6 oktyabrda çatdırılıb.

BMW Z8 rodsteri 1999 – 2003-cü illərdə 5703 ədədlik tirajla buraxılıb. Rodsterin əsasını alüminiumdan hazırlanmış rama təşkil edir. Avtomobilin kuzov panelləri də eyni materialdan hazırlanıb. Bu modelin istehsalı zamanı mütərəqqi qaynaq və ekstruziya metodlarından istifadə edilib. Rodster M5 modelindən alınmış 408 at qüvvəsi və 500 Nm fırlanma anı hasil edən 4,9-litrlik V8 mühərriki ilə təchiz edilib. Güc aqreqatı 6-pilləli mexaniki ötürmələr qutusu ilə tandemdə çalışır.

Rodster amerikan bazarı üçün nəzərdə tutulan 85-ci və müştəriyə təhvil verilmiş 67-ci avtomobil olub. Z8 modeli ilə birlikdə, onun Palo-Altoda Stiv Cobsun adına qeydə alındığını göstərən və texniki cəhətdən yararlı olduğu bildirən sertifikat verilir. 2003-cü ildə avtomobil indiki sahibinə satılmışdır.

Rodster 100 km/saat həddinə 4,7 saniyəyə sürətlənir. Onun maksimal sürəti 250 km/saat həddində elektronika tərəfindən məhdudlaşdırılıb.

BMW Z8 modelinin təchizatına metal dam, müdafiə örtüyü, naviqasiya sistemi və Motorola mobil telefonu daxildir. Alman şirkəti modelə olan marağı artırmaq üçün, 50 ilə kifayət edəcək ehtiyat hissələrini buraxacağını da bildirib.

Mənbə : www.autograph.az

Şərhini yaz