Vüsal Məmmədlidən protein tozlarına tam fərqli bir münasibət

Bu dəfəki müsahibizim fitness treyner Vüsal Məmmədlidir. Vüsal Məmmədli ilə hazırladığımız maraqlı müsahibəni sizə təqdim edirik.

Adem.Az : Salam Vüsal bəy. Özünüz haqqında məlumat bildirərdiniz. İlk olaraq fitness karyeranız nədən başladı?

Vüsal Məmmədli : Salam. İdmana hər zaman marağım var idi. Uşaq vaxtlarında həyətimizdə qantel və ştanq var idi. Gücüm çatdığı qədər nəsə etməyə çalışırdım. 15 yaşım olan zaman ilk dəfə "Lider idman klubu"-na getmişəm. Daha sonra cüdo və boksla da məşğul oldum. Fitness-i davam etdirməyimə səbəb isə, başqa heç bir şeydən bu qədər zövq almamağım olmuşdur. Bu işdən zövq alırdım. Hər dəfə öz üzərimdə nələrinsə dəyişdiyini görə bilirdim və bu məni daha da həvəsləndirirdi. Artıq bir müddətdən sonra fitness, mənim həyat tərzimə çevrilmişdir və sevərək etdiyim iş, mənim sənətimə çevrildi.

Adem.Az : İlkin olaraq ondan başlayaq ki, hal-hazırda sizin bu sahəyə maraq çoxdur. Demək olar ki, hər kəs özünü fitness-treyner adlandırır. Eyni zamanda hər gün bir idman zalının açıldığını görürük. Professional məşqçini digərlərindən necə fərqləndirə bilərik ki, həmin idman zalında məşq edək?

Vüsal Məmmədli : Hər sahədə qeyri-peşəkar və peşəkar insanlar olur. Bunun qarşısını ala bilmərik. Düşünürəm ki, yaxşı araşdırmaq lazımdır və sonra qərar vermək. Əlbəttə ki, çəkisi çox olan insana press etmək olmaz piy qatları bərkiyər və ya yaxud arıqlamaq istəyən insana ağır məşq etmək olmaz, yoxsa əksinə şişməyə başlayar və s. bu kimi əsassız fikirlər irəli sürən bir məşqçidən nəticə gözləmək olmaz. Araşdırmaq və doğru qərar vermək lazımdır.

Adem.Az : Bu işdə fitness-treynerlərin sertifikatı olmalıdırmı? Çünki onlar bir toplu insanı öz ardınca aparır. Nəzərə alsaq ki, məşq zamanı qidalanmamızdan başlayaraq, məşq proqramına qədər tam onlara etibar edirik.

Vüsal Məmmədli : Bu gün Universitet tələbələrinin əksəriyyəti vaxtlarını top.az-da, playstation klublarında keçirdiyini bilirik. Öz ixtisaslarını öyrənmək əvəzinə vaxtlarını boş şeylərə sərf edirlər və imtahan zamanı da hansı üsullarla keçdiklərini bilirik. Ona görə də, sertifikat var, yoxsa yoxdur, məncə bu müqayisə mövzusu ola bilməz. Öyrənmək, araşdırmaq, düzgün mənbələrə baş vurmaq və işinin mükəmməli olmağa çalışmaq lazımdır.

Adem.Az : Son zamanlar proteinlərə maraq çoxalıb. Protein insan sağlamlığına ziyanlıdır yoxsa xeyirli? Çünki son zamanlar dietoloqlar tam zərərli olduğunu bildirir. Fitness-treynerlər isə zərərsiz.

Vüsal Məmmədli : Protein mövzusu artıq həqiqətən bizi yormağa başlayıb. Protein aminoasit zəncirlərinin əmələ gətirdiyi bir polimerdir. Proteinlərin bədəndə çox funksiyaları var, bu da genetik kodda aminoasitlərin necə şifrələnməyi ilə bağlıdır. Yəni proteinlər yalnız əzələ kütlələrinin inkişafında rol oynamır. Protein metabolizması uzun bir prosessdir.

Proteinlərin idmandakı önəminə gəldikdə isə onu deyə bilərəm ki, səhərlər yeyilən kərə yağı və ya içilən o spirtli içkilər, palma yağından hazırlanan rəflərdəki şirniyyatlar və s. kimi normal bir insanın gündəlik rasionlarına daxil olan yeməklər, proteinlərdən qat-qat zərərli yeməklərdir. Protein yaşamın özüdür və bədəndəki saysız funksiyaları yerinə yetirir. Protein - makro qidaların ən vacib sayılanıdır.

Protein zərərlidir deyən biri, gərək gündəlik həyatında ət, süd məhsulları, yumurta, paxlalı bitkilər, çərəzlər kimi qidaları rasionundan silsinlər. Çünki hamısının tərkibində protein var.

Biz gündəlik protein ehtiyaclarımızı qidalardan qarşılaya bilmədikdə, onların qəbul edilməsi çox asan olduğundan  onlar bizə çox kömək edir və işimizi asanlaşdırır. Buna görə də rotein tozlarına öz təşəkkürümü bildirirəm. Protein tozlarının heç bir zərəri yoxdur və zərərli olduğunu sübut edəcək heç bir araşdırma, elmi iş yoxdur.

Adem.Az : Sizin idman mərkəzində fitnesslə məşğul olmaq istəyənlərə yaş məhdudiyyəti varmı? Yəni bu iş müəyyən yaşdan sonra başlanmasını tələb edir yoxsa könüllüdür?

Vüsal Məmmədli : Yaş məhdudiyyəti yoxdur. Amma əlbəttə ki, 13 yaşdan aşağı uşaqlar üçün məsləhət görülmür. Amma onların öz bədən çəkiləri ilə etdikləri fiziki məşqlər, onların həm bioloji inkişafına səbəb olar, həm də irəlidə hər hansısa idman növü ilə məşğul olacaqlarsa, onlar üçün sağlam təməl olacaq.

Adem.Az : İlkin başlayan bəylər üçün başlanğıcda tövsiyyələriniz nə olardı?

Vüsal Məmmədli : Ağırlıqlardan qaçsınlar, pəhrizlərinə fikir versinlər, pro məşqçilərdən məsləhətlər alsınlar, normal qidalansınlar və zalda eqolarını soyunma otağında qoyaraq, zala daxil olsunlar.

Adem.Az : Niyə bizim bəylərimiz arasında 2 növ tendensiya baş alıb gedir? Ya heç məşq etməmək, ya da ifrat dərəcədə bədən şişirtmək? Buna səbəb nədir?

Vüsal Məmmədli : Hər kəs idman etməli deyə bir şey yoxdur. Amma edənlərə qarşı qəribə bir aqresiya var. Proteinlə bədən şişirdib gəzirlər, əsas olan ürəkdir, o boyda olmaq nəyimə lazımdır beyin olmayandan sonra və s. kimi fikirlər. Bu tip statuslar tez-tez qarşımıza çıxır.

Hər kəsin bir həyat tərzi var və buna hörmət etmək lazımdır. Məncə bir insan cəmiyyətə, ətrafına fiziki, mənəvi, maddi ziyan vurmursa, onu geyiminə, bədəninə, görünüşünə görə mühakimə etmək yaxşı şey deyil.

İdmanı kimisə döymək, ürəkli olmaq üçün etməyin özü bir zəiflik nümayişidir və yaxud beyin məsələsinə toxunsaq, idman edən oxumamalıdır deyə bir fikir formalaşdırmaq da düzgün deyil. İfrat dərəcədə bədən böyüdən insanları da sinifləşdirmək olar. Bodybuilder olmaq istəyi, bu həqiqətən böyüməyi tələb edir. Öz güvən artımı ola bilər. Göstəriş etmək istəyi ola bilər.

Adem.Az : İdmanı sevməyən gənclərə sözünüz. Onları sağlam yola gətirmək üçün idman zalınızda hər hansısa aksiyalar edirsinizmi?

Vüsal Məmmədli : Aksiyalar olur əlbəttə ki. Formada qalmaq, idmanla məşğul olmaq həqiqətən xarakter olaraq da insanın özgüvənini artırır, sağlam qalmağa kömək edir. İnsan özünü aktiv, enerji dolu hiss edir.

Məncə idman da yemək kimi insanın əlçəkməzi olmalıdır həyatda. Ən azından həftədə 1-2 dəfə fiziki fəaliyyətinizi artıran hərəkətlər edin. Bədəni nə qədər inkişaf etdirsəniz, çalışın beyninizi 2 dəfə ondan çox inkişaf etdirəsiniz. Bunun üçün kitablar sizə kömək edəcək.

Şərhini yaz