Uroloq Elbəyi Daşdəmirli prostat xəstəliklərinin qarşısı alınması barəsində danışıb

Prostat sonradan yaranmış bir orqan deyil. Kişi cinsində doğulan hər bir kəsdə bu doğulduğu ilk gündən var. Sadəcə olaraq 30-40 yaşdan sonra bu vəzidə müəyyən xəstəliklər başlaya bilər. Prostat vəzinin üç tip xəstəliyi var: iltihabi xəstəliklər, prostat vəzinin xoşxassəli və bədxassəli böyüməsi. İltihabi xəstəliklər gənc, təxminən 30-40 yaşlarda meydana çıxan və bu yaşda olan kişilər arasında "populyar" xəstəlikdir. Demək olar ki, həyatında prostat vəzinin iltihabını yaşamamış kişiyə nadir rast gəlinir. Bu təbii ki, orqanın yerləşməsinə, həyat tərzinə, qeyri-müntəzəm cinsi əlaqəyə, keçirilmiş iltihabi xəstəliklərə, partnyor sayının çox olmasına bağlı problemdir.

Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Mərkəzi Klinik Xəstəxananın urologiya şöbəsinin müdiri, uroloq Elbəyi Daşdəmirli bildirib.

Həkim deyib: "Vəzin xoşxassəli böyüməsinin səbəbi əslində elmə hələ də tam bəlli deyil. Bəzən yaşlanma, kişilik hormonunda meydana çıxan dəyişikliklər, genetik faktor, keçirilmiş xəstəliklərin buna səbəb ola biləcəyi göstərilir. Bu səbəblər arasında qidalanma alışqanlıqlarını da misal çəkmək olar. Belə ki, qırmızı ət, doymuş yağlar bu problemin yaranmasına təkan verən amillərdəndir.

Xoşbəxtlikdən bizim ölkəmizdə bu vəzin bədxassəli şişlərinə az rast gəlinir. Bu problemin yaranma səbəbləri və ya qorunma üsulları haqqında təəssüf ki, konkret statistik məlumat yoxdur. Lakin bəzi elmi ədəbiyyatlarda qırmızı rəngə olan-pomidor, nar kimi meyvə və tərəvəzlərin prostat vəzi xərçəngindən qorunmada faydaları haqqında məlumatlar var. Belə ki, onların tərkibində olan likopen maddəsi bu problemdən qorunmağa kömək edə bilər. Lakin bu, "bütün günü qırmızı rəngli meyvə və tərəvəzləri yesəm xərçənglə üzləşmərəm" düşüncəsinə qapanmaq da düzgün deyil. Biz həkim olaraq ən effektiv profilaktika üsulu olaraq mütəmadi yoxlanmanı məsləhət görə bilərik. Bu, yalnız prostat vəzi xərçəngində deyil, bütün xəstəliklərin yaranmasında da bir nömrəli profilaktika üsuludur. Bütün xəstəliklər kimi prostat vəzidə də yaranan patologiyanın da erkən yaşlardan ciddi problemlərə səbəb olmaması üçün erkən diaqnostika vacibdir. Belə ki, bu problem xəstənin həyat tərzinə ciddi mənfi təsir göstərir. Burda əsas məsələ xəstəliyin vaxtında aşkarlanaraq müalicə üsulunun düzgün seçilməsidir. Bu səbəbdən xüsusilə ailəsində prostat vəzi problemləri olanların 40 yaşdan, olmayanların isə 50 yaşdan sonra ildə bir dəfə prostat vəzi müayinəsindən keçmələri məsləhətdir. Bu müayinələr çox vaxt aparan, bahalı, invaziv, yəni xəstəyə müdaxilə edilən deyil. Sadə müayinələrlə hazırkı vəziyyəti müəyyənləşdirmək mümkündür. Çox zaman bu pasiyentlərə hansısa dərman yazmağa ehtiyac olmur. Sadəcə pasiyent öz vəziyyətindən xəbərdar edilir. Xəstə böyrəklərinin nə qədər risk altında olduğu, gələcəkdə yarana biləcək fəsadlar, onkoloji problemin yaranma ehtimalının olub-olmaması haqqında məlumatlandırılır.

Xoşxassəli törəmə xalq arasında adenoma adı ilə bilinir. Bu patologiyaların müasir müalicəsi olduqca təkmilləşib, inkişaf edib və sadələşib. Artıq xəstələr qısa müddət ərzində gündəlik adəti həyatına geri dönə bilir. Ölkəmizdə bu problemin nə qədər yayıldığını demək çətindir. Lakin təcrübəmizə əsaslanaraq onu deyə bilərəm ki, olduqca çox rast gəlinir. Xoşxassəli şiş xərçəng deyil. Xəstəlik olduğu yeri sıxma, sidiyə getmə və ya sidiklə bağlı digər şikayətlər, böyrək yolunun kəsilməsi kimi bir sıra problemlər yaratsa da digər bədən orqanlarına yayılmır. Bu problemin müalicəsi o qədər də çox iynə-dərman tələb etmir. Bu müalicə ilə xəstəliyin sidik kisəsi və ya böyrəyin sıradan çıxarmasının qarşısı alınır. Müalicədə məqsəd prostat vəzin əridilməsi deyil. Belə ki, bu mümkün deyil. Müalicə sadəcə xəstəliyin digər orqanlarda yaradabiləcəyi problemlərin önləmək və xəstənin şikayətlərini azaldaraq həyat keyfiyyətini artırmağa xidmət edir. Ən əsası isə belə xəstələrə cərrahi müdaxilənin lazım olub-olmaması təyin edilir. Cərrahi müdaxilənin keyfiyyəti və nəticəsi xəstənin zamanında əməliyyat olunmasından asılıdır. Əməliyyatlar haqqında onu demək olar ki, artıq 90 faiz hallarda açıq əməliyyata və ya ümumi anesteziyaya ehtiyac olmur. Epidural (beldən iynə vurmaqla ) narkoz vasitəsilə əməliyyat sidik kanalı ilə ( transuretral rezeksiya TUR əməliyyatı) icra olunur. Əməliyyat prostat vəzin həcmindən asılı olaraq təxminən 30-40 dəqiqə və ya 1-1.5 saat davam edir. Yəni iki-üç gün xəstəxanada qalmaqla bu problemdən qurtulmaq mümkündür.

Əməliyyat zamanı vəzi tam xaric edilmir, yalnız içərisi soyulur. Orqan bütünlükdə yalnız xərçəng zamanı xaric edilir. Bu xəstəlik (adenoma) əsasən 50 yaşdan sonra yaranır. Mənim 17-18 illik praktikamda bu problemlə əlaqədar 50 yaşından gənc əməliyyat etdiyim cəmi 4-5 xəstəm olub. Gənc-30-40 yaşdakı xəstələr əməliyyat olunmurlar. Bu xəstələrin şikayətləri daha çox prostat vəzinin böyüməsi ilə deyil, soyuqdəyməsi, iltihabi prosesi ilə əlaqədar olur. Bu zaman da sadəcə müalicə ilə kifayətlənmək mümkündür. Onu qeyd edim ki, əməliyyat xəstələrin cinsi fuksiyasına mənfi təsir göstərmir, yalnız nəsil törətmədə müəyyən problemlər yaşanır. Bu xəstələr də əməliyyat edildikdə 60-70 yaşdan yuxarı olurlar ki, bu da onların artıq nəvə sahibi olan yaşlarına təsadüf edir. Nadir hallarda ailə planlaması olan insanlar olur ki, onlar da xəbərdar edilir. Müasir lazer üsulları ilə bu problem də həll oluna bilər. Lakin məsələ övlad sahibi olmaqdırsa burada artıq bir az ehtiyatla yanaşmaq lazımdır".

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.