Toyota Yaris sedanını yeniləyib

Toyota şirkəti yenilənmiş Yaris sedanını təqdim edib. Əslində bu model üzü dəyişdirilmiş Mazda2 sedanının Toyota brendi altında buraxılan versiyasıdır. Restaylinqdən sonra avtomobil nəinki yeni çöhrəyə, həmçinin yeni ada da sahib olub.

Əvvəllər ABŞ bazarında bu sedan Toyota Yaris iA və ya Scion Yaris iA adı ilə satılırdı. Yenilənmədən sonra avtomobil Toyora Yaris Sedan adlandırılacaqdır. Yığcam sedan sələfindən “idman” üslubunda olan radiator barmaqlığı, eksteryerin qara və xrom detalları ilə seçilir.

Toyota Yaris Sedan 106 at qüvvəsi və 140 Nm fırlanma anı hasil edən 1,5-litrlik atmosfer mühərriki ilə hərəkətə gəlir. Güc aqreqatı 6-pilləli mexaniki və ya avtomatik ötürmələr qutusu ilə tandemdə çalışa bilər. Yenilənmiş sedan üç təchizat səviyyəsinə malik olub.

Avtomobilin avadanlıq siyahısına hərəkət rejimlərinin seçilməsi sistemi, işıqdiodlarından ön fənərlər, yeddi düymlük sensorlu ekranı olan multimedia sistemi, səslə idarəetmə və Bluetooth, kruiz-kontrol və arxa görüntü kamerası daxildir. Yaris modelinin aktiv təhlükəsizlik sistemləri kompleksinə aşağı sürətlərdə hərəkət zamanı qəzaların önlənməsi sistemi, əyləcləməyə yardım və əyləc gücünün bölüşdürülməsi sistemləri daxildir.

Yenilənmiş Yaris Sedan modelinin satışlarına bu ilin payızında başlanacaqdır.

Mənbə : www.autograph.az

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.