Yeganə nüsxədə buraxılmış BMW M3 modeli satışa çıxarılıb

Los-Anjelesdə yerləşən Century West BMW şirkəti satışa unikal M3 30 Years American Edition sedanını çıxarıb. Alman markasının amerikan bazarındakı 30 illik yubileyinə həsr edilən avtomobil yeganə nüsxədə buraxılıb. Sportsedan 130110 dollara qiymətləndirilib.

BMW M3 30 Years American Edition keçən il SEMA tüninq şousunda təqdim edilib. Yubiley seriyasından olan sedan BMW Group Designworks və BMW Individual bölümləri tərəfindən hazırlanmış  xüsusi Frozen Red rənginə boyanmış kuzova, qızılı rəngli M Performance disklərinə, həmçinin amerikan bayrağının rənglərinlə tərtib edilmiş salona malikdir. Bundan başqa, avtomobilin interyerində xüsusi seriyaya mənsubiyyətini bildirən emblemlər də mövcuddur.

Xüsusi seriyadan olan avtomobil tənzimlənən M Performance Sport asqısına, karbondan hazırlanmış arxa spoylerə və titandan hazırlanmış buraxılış sisteminə sahib olub. Avtomobilin interyerinin tərtibatında alkantara və yüksək kefiyyətli dəridən, həmçinin karbondan istifadə edilibdir.

BMW M3 30 Year American Edition modeli 444 at qüvvəli benzin mühərriki və 6-pilləli mexaniki ötürmələr qutusu ilə təchiz edilir.

Mənbə : www.autograph.az