Bakı tam, bölgələr 90 faiz elektrik enerjisi ilə təmin olunur - Qəza ilə bağlı ƏN SON açıqlama

"Hazırda elektrik enerjisinin verilişində vəziyyət qənaətbəxşdir. İndi Bakı şəhərinin tam olaraq, bölgələrin isə 90 faizinin elektrik enerjisi ilə təminatı bərpa edilib. Yaxın saatlarda elektrik enerjisinin verilişi 100 faizə çatdırılacaq".

Bu barədə "Azərenerji" ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı bildirib.

Onun sözlərinə görə, elektrik enerjisinin verilişi daxili istehsal hesabına təmin edilir: "Bizim yetərincə ehtiyac gücümüz var və hazırda ehtiyac gücümüz işə salınıb. Yaxın müddətdə Azərbaycan İstilik Elektrik Stansiyasının (İES) ilkin olaraq 2 bloku, sonra da digər blokları tam olaraq işə düşəcək. Çünki qəza ilə bağlı olaraq digər blokların da fəliyyəti dayandırılıb. Hazırda orada təmir-bərpa işləri gedir".

Y.Babanlı qeyd edib ki, İES-in fəaliyyətinin tam bərpasını hələ bir müddət gözləmək lazım gələcək: "Ümumilikdə Azərbaycan İES həm çox "ağırçəkili" stansiyadır, həm də ordakı avadanlıqlar artıq köhnəlib. Ona görə də onun tam işə düşməsi saatlarla vaxt tələb edir".

Qeyd edək ki, iyulun 3-də gecə Mingəçevir şəhərində yerləşən ölkənin ən böyük elektrik stansiyası olan "Azərbaycan" İES-in iki (1-cı və 6-cı) enerji blokunda qəza baş verib. Qəza zamanı partlayış, daha sonra güclü yanğın müşahidə edilib. Bundan sonra ölkə ərazisində elektrik enerjisinin verilməsi demək olar ki, bir neçə saat kəsilib.

Rəsmi məlumata görə, elektrik stansiyasında qəzaya səbəb səbəb son günlərdə müşahidə olunan anomal istilər və bunun nəticəsi olaraq enerji bloklarının soyutma sistemlərində yaranmış artıq yüklənmə olub. Hazırda qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.