Renault şirkəti yeni nəsil Megane RS Trophy hetçbekini təqdim edib

Renault şirkəti yeni nəsil “qaynar” Megane RS hetçbekinin Trophy variantını təqdim edib. Hetçbekin standart təchizatına daha sərt tənzimləmələrə malik olan asqı və differensialın mexaniki qapanması daxildir.

Renault Megane RS Trophy modeli 300 at qüvvəsi və 420 Nm (mexaniki qutu ilə 400 Nm) fırlanma anı hasil edən 1,8-litrlik dörd silindrli turbomühərrik ilə təchiz edilir. Mühərrik standart olaraq mexaniki qutu ilə təklif olunur. Opsional olaraq iki muftalı robotlaşdırılmış qutunu da sifariş etmək olar. Yerindən 100 km/saat həddinə hetçbek 5,7 saniyəyə sürətlənir. Onun maksimal sürəti isə 260 km/saat təşkil edir.

Müqayisə üçün adi Megane RS modelində bu göstəricilər 5,8 saniyə və 255 km/saatdır. “Qaynar” hetçbekin təchizatına Bridgestone Potenza S001 şinlərinə malik olan 19-düymlük təkər diskləri, Brembo əyləc mexanizmləri, daha sərt amortizatorlar, yaylar və stabilizatorlar daxildir. Avtomobil tam idarələnən şassiyə malikdir. Əlavə ödənişlə, Megane RS Trophy modelini alkantara ilə üzlənmiş Recaro idman oturacaqları ilə də sifariş etmək olar.

Mənbə : www.autograph.az